Son bir neçə gündə məndən tez-tez soruşurlar ki (cəmi 3 nəfər soruşub 😔): “Camal, “Əlaçı” təqaüd proqramının iştirakçısı kimi bizə hansı məsləhətləri verə bilərsən?” Çünki yaxın günlərdə PASHA Holding tərəfindən təşkil olunan “Əlaçı” təqaüd proqramı üçün qeydiyyat yenidən açıq elan olunub. Mən də çoxsaylı müraciətləri nəzərə alaraq seçim prosesi də daxil olmaqla “Əlaçı” təqaüd proqramı boyunca əldə etdiyim təcrübələri bölüşmək üçün bu yazını yazmaq qərarına gəldim.
Mən Camal, “Əlaçı” 2024-2025 təqaüd proqramının iştirakçısı olmuşam. Bu bloqda isə təqaüd proqramının özü və seçim mərhələləri barədə məlumat verəcək, habelə proqrama qatılmaq istəyənlər üçün bir-iki xudmani məsləhət verəcəm.
“Əlaçı” təqaüd proqramı nədir?
Deməli, proqrama müraciət etmək qərarına gəlmisən. Afərin! Amma hər şeydən əvvəl bir parçası olmaq istədiyin proqramın əslində nə olduğunu, onun həyatına nələr qatacağını və bunu necə edəcəyini bilməlisən. “Əlaçı” layihəsi PASHA Holding tərəfindən həyata keçirilən, məqsədi tələbələrin həm şəxsi, həm də peşəkar inkişafını dəstəkləmək olan bir proqramdır. Bu proqram seçilən şəxslərə (əlaçılara) hər ay maddi dəstək (bizim ildə 200 manat!) verməklə yanaşı, onlara özlərini daha yaxşı tanımaq, karyera hədəflərini müəyyənləşdirmək və əmək bazarında dəyərli bir namizədə çevrilmək üçün imkanlar yaradır. (Layihəyə müraciət üçün hansı kriteriyaların tələb olunduğu və hansı ixtisaslara üstünlük verildiyi barədə rəsmi saytdan məlumat əldə edə bilərsiniz.)
Proqram ümumilikdə 8 ayı əhatə edir və iki əsas hissədən ibarətdir. Birinci hissə Şəxsi İnkişaf Marafonu (ŞİM) adlanır və əsas məqsədi əlaçıların şəxsi inkişafına töhfə verməkdir. Bir neçə ay davam edən ŞİM-də mentorlarla görüşlər, şəxsi inkişaf təlimləri, şəbəkələşmə görüşləri və s. həyata keçirilir. Birinci hissə bitdikdən sonra peşəkar inkişafa yönəlmiş ikinci hissə başlayır. Bu hissədə isə müxtəlif sahələrin mütəxəssisləri ilə görüşlər, peşəkar təlimlər, simulyasiyalar və s. təşkil olunur.
Mənim fikrimcə, ŞİM-in ən yaxşı tərəfi tələbələrə mentor dəstəyinin göstərilməsidir. Belə ki, ŞİM boyunca hər bir əlaçının özünün mentoru olur və mütəmadi olaraq həmin mentorlarla fərdi və qrup halında görüşlər təşkil olunur. Görüşlərdə mentorlar əlaçıların şəxsi inkişafı üçün hədəflər müəyyənləşdirməsinə, özlərini daha yaxşı tanımasına və s. dəstək olur. Məlumat üçün deyim ki, mənim mentorum Təravət Əsgərova idi (ona çoxluca təşəkkürlər).
Yaxşı olar ki, mentor dəstəyindən maksimum istifadə etməyə çalışasınız. Çünki hayatınızın növbəti mərhələlərində belə bir dəstəyin olması ehtimalı azdır. Xüsusən, filan rayonun filan kəndindən çıxıb gələn, tövsiyəsiz və kompassız şəkildə yaxşı nələrsə etməyə çalışan tələbələr üçün belə bir dəstək çox dəyərlidir.
* Maraqlı məlumat: “Əlaçı”ya qədər şəxsi inkişaf və mentorluq kimi fəaliyyətləri mənasız sayır, hətta fırıldaqçılıq hesab edirdim 😔
Son olaraq, ŞİM çərçivəsində özünü tanımaq (📿), əmək bazarında dəyərli olmaq, vaxtı idarə etmək və s. mövzularda dəyərli şəxslərin təlimləri, həmçinin əlaçıların bir-birilərini tanıması üçün şəbəkələşmə görüşləri həyata keçirilir.
Peşəkar inkişafa yönəlmiş ikinci hissədə isə müxtəlif sahələrdə çalışan mütəxəssislər tərəfindən təlimlər təşkil olunur. Birinci hissədə sizə töhfə vermək üçün daha çox proqram özü çalışırdısa, ikinci hissədə bu iş nisbətən sizin öhdəliyinizə düşür.
Ümumilikdə isə layihə boyunca “Sığortaçı Məktəbi”, keryera simulyasiyası, TEDx, tematik qruplar və s. kimi əlavə fəaliyyətlər də olur ki, onları da (bir zəhmət) gedəndə özünüz görərsiniz.
Bəs proqrama necə seçilək?
Bu hissədə xəbərdarlıq etməliyəm ki, mən sehrbaz deyiləm. Odur ki, verdiyim tövsiyələr mütləq şəkildə yaxşı nəticə verməyə, yaxud da layihəni idarə edən şəxslər ümumiyyətlə mənim qatıldığım ildən fərqli seçim mərhələləri və üsulları müəyyən edə bilərlər. İndi isə gəldik əsas məsələyə: seçim mərhələsində sizi nələr gözləyir? Əvvəla, qeydiyyatdan keçmək üçün “Əlaçı”nın rəsmi internet səhifəsinə daxil olun. Əgər qeydiyyat müddəti bitməyibsə, təbriklər! Hələ də vaxtınız var.
Birinci mərhələ – qeydiyyat
Bizim ilimizin ilk seçim mərhələsi (bu ildə olduğu kimi) qeydiyyatdan və onunla birlikdə 10-a yaxın sualdan ibarət idi. Bu suallar əsasən “həyatını sıfırdan qursaydın nə edərdin?”, “özünü necə təsvir edərsən?”, “proqrama nə töhfə verə bilərsən?” tipli ilk baxışda minnoş, cavablandırılması asan görünən, amma yazmağa başladıqda qəfildən çətinləşən suallardır.
Nəzərinizdə saxlayın ki, burada sizdən doğru cavab tələb olunmur. Təşkilatçılar sizin daxili dünyanızı, dəyərlərinizi və özünüzlə bağlı düşüncə tərzinizi görmək istəyirlər. Odur ki, kitab cümlələri ilə, yaxud Linkedin dilində yazılmış cavablardan qaçmağa çalışın. Əksinə bacarırsınızsa, nəyi niyə istədiyinizi öz həyatınızdan nümunələr göstərərək ifadə etməyə çalışın. Çünki “mən inkişaf etmək istəyirəm” tipli ümumi fikirləri hamı yazır. Siz elə bir hadisəni yazın ki, oxuyan adamın gözünün qabağında, məsələn, sizin uşaqlıq xatirəniz canlansın. Bu baxımdan qəşəng səslənsin deyə aktyorluq da etməyin. Səmimilik + öz sözünüz = özünəməxsus cavab. İnanaraq yazdığınız bir söz 10 dənə pafoslu “liderlik, inkişaf, uğur” kimi bayağı sözlərdən daha çox təsirlidir.
Bundan əlavə, qətiyyən ChatGPT kimi süni intellekt alətlərindən istifadə etməyin. Əvvəla, süni intellektlər təbiətləri etibarilə özünəməxsus şəkildə yox, ümumi (əksər hallarda nala-mıxa vura-vura) cavab verir. Bu da cavabların məzmun cəhətdən zəif olmasına səbəb olur. Digər tərəfdən, sizin kimi Sİ-dən istifadə edən az olmayacaq. Onda nə olacaq? 100 nəfərin cavabında eyni cümlələr, eyni pafos, eyni məzmunsuzluq. Ən əsası isə odur ki, Sİ tərəfindən hazırlanan yazılara baxan insan onun Sİ məhsulu olduğunu ilk baxışdan tutur. Odur ki, özünüzü riskə atmayın. Uzaqbaşı cavabı yazarkən Sİ ilə məsləhətləşin, amma ona yazdırmayın.
Son olaraq, yazdığınız cavablar nə Twitter statusu kimi 2 cümləlik olsun, nə də roman (onsuz hər cavabın həcmi üçün müəyyən bir limit qoyulur). Nəzərə alın ki, cavabları oxuyanlar da insandır. Çox uzun olan yazılar istər-istəməz insanın diqqətini dağıdır, çox qısa cavablar isə qeyri-ciddi təəssürat bağışlayır. Kəsəsi, fikirlərinizi tam, əsaslandırılmış şəkildə, lakin lakonik formada yazın.
İkinci mərhələ – test
İkinci mərhələ onlayn test şəklində baş tutmuşdu. TestGorilla platforması üzərindən keçirilən bu mərhələdə sizi ingilis dilində olan, lakin panikaya düşməyə dəyməyən suallar gözləyir (hərgah bir çox namizədin fikrincə, ən çətin mərhələ elə bu idi). Testlər məntiq, problem həll etmə bacarığı, komanda işi, etik məsələlər qərarvermə bacarıqları və oxşar məsələlər ilə bağlı olur. Bu mərhələnin ən çətin tərəfi test üçün ayrılan zamanın məhdud (40 dəqiqə) olmasıdır. Bununla belə, əgər orta səviyyə bir ingiliscəniz və tez qərarvermə bacarıqlarınız varsa, öhdəsindən gələ bilərsiniz.
Tövsiyəm odur ki, texniki problemlərlə üzləşməmək üçün testə başlamazdan əvvəl hər şeyin hazır olduğundan əmin olun, məsələn, internetin kəsilmə ehtimalına qarşı ehtiyatda mobil internet saxlayın, sakit bir yerə keçin, kompüterin kamerasının işlədiyindən əmin olun və s. Əgər testdən qabaq platformaya öyrəşmək və bir az məşq etmək istəyirsinizsə, TestGorilla-nın (ola bilər ki, sizdə başqa platforma olsun) sınaq testlərinə baxa bilərsiniz (hər bir halda özləri əsas testdən qabaq bir neçə nümunə test verəcəklər). Son olaraq isə imtahanın əvvəlində sizdən ingilis dili səviyyəniz soruşulur. Həmin səviyyəni nə seçməyiniz imtahan nəticəsinə təsir etmir. Odur ki, ağıllı bir hərəkət edib rahatlıq üçün nisbətən aşağı səviyyəni seçə bilərsiniz.
Üçüncü mərhələ – təqdimat
Bu mərhələ ən özünəməxsus və texniki bacarıqlar tələb edən mərhələdir. Belə ki, təqdimat mərhələsində bizdən yeni bir təqaüd proqramı layihəsi hazırlamağımız (ola bilər ki, sizdən tamam başqa layihə tələb olunsun) və həmin layihənin detallarını prezentasiya kimi (slaydlar şəklində) təqdim etməyimiz istənilirdi. Bundan əlavə, layihəmiz ilə bağlı 3 suala da video şəklində cavab verməli idik. Yəni bu mərhələdə iki əsas məsələ var: 1. təqdimat hazırlayıb və 2. video çəkib təşkilatçılara göndərmək.
Təəssüf ki, “yaxşı təqdimat necə hazırlanır?”, “effektiv çıxışın sirləri nələrdir?” kimi sualların cavabı məndə deyil. Lakin bu məsələlər barədə internetdə kifayət qədər mənbələr var. Görün neynirsiz.
Dördüncü mərhələ – müsahibə
Bu mərhələ sosial bacarıqların ən çox tələb olunduğu mərhələdir: qrup müsahibəsi. Əgər buraya qədər gəlib çatmısınızsa, artıq sizin intellektual bacarıqlarınız, motivasiyalarınız və yazılı ünsiyyət qabiliyyətiniz müəyyən qədər dəyərləndirilib. Bu mərhələdə isə diqqət sizin şəxsiyyətinizə, insanlarla münasibət qurmaq tərzinizə, liderlik və əməkdaşlıq bacarığınıza yönəlir.
Siz bu müsahibəyə digər namizədlərdən ibarət 5-6 nəfərlik təsadüfi qrupla birlikdə çağırılırsınız. Müsahibə iki hissədən ibarət olur. Birinci hissədə müsahibə götürən şəxslər sizə qrup şəklində müzakirə edərək həll etməli olduğunuz praktiki bir situasiya (keys) təqdim edirlər (bizim ilimizdə keys təyyarə qəzası nəticəsində adaya düşmüş bir qrup şəxsdən hansılarının həyatını xilas edəcəyimiz barəsində idi). Keysin müzakirəsi üçün sizə məhdud vaxt verilir və müzakirə əsnasında içəridəki şəxslər tərəfindən hər biriniz izlənirsiniz. Qrupun necə qərar verdiyi, kimin necə iştirak etdiyi, kimlərin dominant olduğu və ya ümumiyyətlə iştirak etmədiyi, kəsəsi hər bir detal qiymətləndirməyə daxil edilir. Müzakirə başa çatdıqdan sonra isə gəldiyiniz ortaq nəticələri müsahibə götürən şəxslərlə bölüşürsünüz. İkinci hissədə isə hər birinizə müxtəlif suallar verilir və daha çox ənənəvi müsahibə şəklində həyata keçirilir.
Bu mərhələ çox kritikdir, çünki bir tərəfdən otaqdakı namizədlərlə əməkdaşlıq etməli, digər tərəfdən isə onlarla yarışmalı olursunuz. Ən önəmlisi isə bu mərhələ sonuncu, yəni sizin proqrama seçilib-seçilmədiyinizə yekun qərarı verən mərhələdir. Odur ki, bəzi məsələlərə diqqət etmək lazımdır.
Əvvəla, müzakirə hissəsində aktiv olmalı, lakin göz görə-görə dominantlıq etməyə çalışmamalısınız. Müzakirə zamanı qrupda iki tamamilə zidd tiplə qarşılaşa bilərsiniz. Birincisi, tamamilə passiv olan və müzakirəyə qatılmayan şəxslərdir. Yaxşı olar ki, onların müzakirəyə qoşulması üçün cəhdlər edəsiniz (məsələn, həmin şəxsin fikrini ayrıca soruşmaq, mövqe bildirməyini istəmək, razılaşıb-razılaşmadığını dəqiqləşdirmək və s.). Bu sizin üçün əlavə xal gətirəcək.
İkinci növ şəxslər isə amansızca müzakirəni idarə etməyə çalışan, uzun-uzadı danışıb digər namizədlərə imkan verməyən şəxslərdir. Əgər hansısa iştirakçı bu şəkildə “qrupun alfa canavarı” olmağa çalışırsa, bu zaman mülayim, lakin qətiyyətli bir şəkildə söhbəti əsas məsələyə yönəldə, digər namizədlərin də iştirakını təşviq edə bilərsiniz. Bundan əlavə, özünüz də belə şəxslər kimi görünməmək üçün nəzərə almalısınız ki, sizdən gözlənilən ən ləzzətli fikri ortaya atmaq və ya dediyini qəbul etdirmək deyil. Əsas məsələ müzakirənin bir parçası olaraq ortaq qərara gəlmə mədəniyyəti nümayiş etdirməkdir.
Müsahibənin ikinci hissəsində isə daha çox fərdi suallarla qarşılaşacaqsınız. Bu suallar adətən özünüzün şəxsi keyfiyyətləriniz, proqramda iştirak motivasiyanız, məqsədləriniz, əvvəlki təcrübələriniz və s. barəsində olur. Bu mərhələdə cavablarınızın dürüst, əsaslandırılmış və şəxsiyyətinizi əks etdirən şəkildə olması daha vacibdir. Klişelərdən (“ay belə liderəm, ay elə məsuliyyətliyəm, ay komandada işləməyi xoşlayıram”) mümkün qədər uzaq durmağa çalışın. Bu sözləri hər kəs deyə bilir, amma onları nə üçün, hansı təcrübəsinə əsasən dediyini göstərə bilən namizədlər yadda qalır. Kəsəsi müsahibədə özünüzü reklam etməyin, özünüzü tanıdın (və bunu da yaxşı şəkildə edin). Yoxsa aşağıdakı kimi oyunlar çıxarmayın:
— Ən zəif tərəfiniz nədir?
— Çox mükəmməlliyyətçiyəm.
— Bax ey…
— Hə, bir də dəhşət çox işləyirəm. Qabağıma duran olmur.
Son qeydlər
Son olaraq, bəzi xırda əlavələrim olacaq:
– Layihəyə seçim prosesi boyunca elektron poçtunuzu və spam qutusunu tez-tez yoxlayın.
– Proqrama qəbul olduğunuz təqdirdə şəbəkələşmə görüşlərinə, təlimlərə və mütəxəssis görüşlərinə qatılmağa diqqət edin. Əks təqdirdə zəif iştirakınıza görə proqramdan kənarlaşdırıla bilərsiniz.
– Əlinizdən gəldiyi qədər çox insan tanıyın. “Əlaçı”nın mənə qazandırdığı ən dəyərli şeylərdən biri fərqli sektorlardan, müxtəlif profilli adamları tanımağım oldu.
– Seçilməsəniz də ki, canınız sağ olsun, keçən il müraciət edənlərin təxminən 5%-i seçilə bilmişdi.
Beləliklə, layihə barəsindəki ümumi mənzərə və mənim xudmani tövsiyələrim bundan ibarətdir. Sualınız yaransa, yaxud təklif və ya irad bildirmək istəsəniz mənimlə əlaqəyə keçə bilər, rəylərinizi isə aşağıda qeyd edə bilərsiniz.
Ümid edirəm ki, faydalı oldu.
Leave a Reply